Xəzər Dəniz Neft Donanması Xəzərin Kontinental şelfində neft və qaz istehsalının bütün proseslərində dəniz nəqliyyat xidmətinin göstərilməsi üçün, o cümlədən dəniz özülləri və estakadaların tikilməsi, coğrafi geoloji tədqiqatların həyata keçirilməsi, neft-qaz boru kəmərlərinin çəkilməsi, istismar zamanı onların təmiri, dəniz neft obyektlərinin yanğindan mühafizəsi, neftçilərin iş yerlərinə çatdırılması, həmçinin müxtəlif növ yüklərin (yanacaq-sürtgü materialları, içməli su, metanol, mal-material, avadanliq, metalkonstruksiyalar və s.) daşinması kimi işlərin icrasını təmin etməkdən ötrü yaradılmışdır.
Dənizdə neft istehsalı ilə bağlı bütün nomenklatur işlərin təmin edilməsi üçün Donanmanın balansında müasir avadanlıqlarla təchiz olunmuş müxtəlif təyinatlı 269 gəmi (23 - kran, 38 - sərnişin, 23 - təchizat-yedək, 7 - liman yedək,6 - yedək, 15 - dalğıc, 6 - su daşıyan, 3 - yanacaq daşıyan, 2 - metanol daşıyan, 9 - yanğınsöndürən, 5 – mühəndis-geoloji, 2 - borudüzən gəmisi, 125 - kater və yardımçı gəmi, 5 – barja ) vardır ki, onlardan əsasları aşağıdakılardır:
- Kran, kran-montaj gəmiləri - 25 tondan 2500 tonadək yük qaldıra bilən kranlar;
- Təchizat gəmiləri - özü hərəkət etməyən gəmilərin, üzən qazma qurğuların, stasionar platformaların yedəyə alınmasını, dəniz özülləri və qazma qurğularını yanacaq-sürtgü materialları, içməli su, ərzaq məsulları, səpələnən və digər əsas yüklərlə təmin edən universal gəmilər;
- Yedək gəmiləri - üzən qazma qurğularının lövbərini daşıyan, xətt yedəkçiləri, xilasedici yedəkçilər və s.;
- Sərnişin gəmiləri - neftçiləri “Neft Daşları”na, Bakıdan uzaq məsafədə yerləşən dəniz özüllərinə daşıyan 600 yerlik sərnişin gəmiləri və sahil rayonlarında növbənin dəyişdirilməsini təmin edən kiçik sərnişin katerləri;
- Tanker gəmiləri - içməli suyun, metanolun, yanacaq-sürtgü materiallarının daşınmasını təmin edən gəmilər;
- Borudüzən gəmilər - dənizin 300 m-dək dərinliyində sualtı boru kəməri çəkilişini və təmirini həyata keçirən gəmilər;
- Yanğınsöndürən gəmilər - neft-qaz istehsalı və qazma rayonlarında yanğından mühafizə xidmətini həyata keçirən gəmilər;
- Dalğıc gəmiləri - 300 m dərinliyə enə bilən dalğıc qurğulu gəmi və dalğıc katerləri;
- Barjalar - 2000 tondan 15000 tonadək yükdaşıma qabiliyyətinə malik üzən vasitələr.
Donanmanın balasında olan gəmi və barjalar keçmiş SSRİ və Yuqoslaviyada, həmçinin Polşa, Finlandiya, Hollandiya, Almaniya və Fransada inşa ediliblər.
|